Tuesday, February 24, 2015

Xarici valyuta ilə götürülmüş kredit borclarının taleyi barədə




   Son günlər ölkədə ən çox işlədilən sözlər dollar, avro və manat olduğunu desək, yanılmarıq. Manat ucuzlaşdı, əhalinin əksər hissəsinə manatın ucuzlaşmasının bazara təsiri maraqlı olsa da, digər hissə yəni kredit borcu olanların marağı daha da ön plana çıxdı. Belə ki, dolların manata nisbətdə məzənnəsinin 1 gecəyə 27 qəpik qalxması, yəni manatın 34 % ucuzlaşması, illik 30%-lə götürülən kreditlərin ikiqat faizlə qaytarılması demək idi. 
İqtisadçı mövqeylərini kifayət qədər oxumuşam, lakin çox təəssüf ki, dəqiq bir nəticəyə gələ bilmədim. Çox istərdim ki, hüququn da bu məsələ ilə bağlı normaları barədə dəqiq bir söz deyim, amma o da çətin məsələdir. Qısa anlatmağa çalışacam qanunun təfsirindən gəldiyim nəticəni. 
   Mülki Məcəllənin 439.7-ci maddəsinə əsasən, əgər ödəniş müddəti çatanadək pul vahidinin dəyəri (məzənnə) artmış və ya azalmışsa və ya valyuta dəyişmişsə, borclu ödənişi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin əmələ gəldiyi vaxta uyğun məzənnə üzrə yerinə yetirməlidir.
  Bu norma ilə bağlı çox fikirləri oxumuşam, hətta kifayət qədər təcrübəli hüquqşünaslarla müzakirə etmişəm, amma yenə də dəqiq nəsə deməkdə çətinlik çəkirəm. Öhdəliyin əmələ gəldiyi vaxt deyəndə qanunverici hansı vaxtı əsas götürür, müqavilənin imzalandığı vaxt, ya kredit ödəniş cədvəlinə əsasən borcun ödənilməli olduğu tarix? 
   Fikrimcə, müqavilənin imzalandığı tarix əsas götürülməlidir. Çünki Mülki Məcəllənin öhdəlik hüququ ilə bağlı müddəalarına nəzər salsaq görərik ki, müqavilə öhdəliyin yaranma əsasıdır və kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi sayılan ödəniş cədvəli müqavilə imzalanan zaman qüvvəyə minir (notarial qaydada təsdiq tələb olunursa, təsdiq edildikdən sonra). Müqavilə imzalamaqla, borc alan cədvəldə göstərilən tarixlərdə borcunu ödəməyi öhdəsinə götürür, yəni onun öhdəliyi əmələ gəlir. Cədvəldə göstərilən tarix isə öhdəliyin icra vaxtıdır, artıq müqavilə imzalanan vaxt əmələ gəlmiş öhdəliyin icrası üçün müəyyən edilmiş vaxt. Ona görə də, qanunun bu normasından belə nəticə çıxır ki, kredit müqaviləsi imzalanan zaman, yəni kredit götürülən vaxt məzənnə neçə idisə, borc həmin məzənnəyə uyğun qaytarılmalıdır. Müqavilədə bu məsələnin həlli ilə bağlı hər hansı bir bəndin mövcudluğu halında isə, münasibətlər müqaviləyə uyğun şəkildə tənzimlənəcək.
   Son olaraq, lazım şəklində yazmağıma fikir verməyin, çox tərəddüd edirəm əslində. Bu maddə Konstitusiya Məhkəməsinin Plenumunun müzakirəsinə çıxarılmalıdır, məncə və norma tam aydınlaşdırılması üçün şərh edilməlidir. Çünki kifayət qədər maraqlı və mübahisəli məsələdir. Yeri gəlmişkən, burdan Konstitusiya Məhkəməsinin Plenumuna üzümü tutub xahiş edirəm ki, siz allah bu maddəyə də kredit borclarına faizin hesablanma qaydası ilə bağlı maddələrə şərh verdiyiniz kimi yanaşıb işi daha da çətinləşdirməyin. 
    Sona qədər oxuyan hər kəsə təşəkkürlər, ümid edirəm faydalı oldu sizə.


Mahir Hüseynov
24.02.2015

    


No comments:

Post a Comment