Uşaqları qoruyaq!
Məqalənin adına baxıb aldanmayın. Burada sizə uşaqların qorunmasının hüquqi cəhətlərini göstərmək, hər hansı bir beynəlxalq təşkilatın Konvensiyalarından istinad gətirmək fikrim yoxdu. Uşaqları qoruyaq deyəndə onların psixoloji qorunması və cəmiyyətdə özlərini daha yaxşı hiss etmələrinə səbəb olan halı nəzərdə tuturam. Səbəb isə çox sadədi: Ad. Bəli düz eşitdiz, ad. Sizi bilmirəm, amma mən bu ad məsələsində çox həssasam niyəsə. Yooo, başqa cürə fikirləşməyin a, adım Mahirdi, yəni o qədər də pis ad deyil, ən azından məncə yaxşı addı. Bu mövzuya olan marağım ətrafımda olan hadisələrlə bağlıdı. Bir neçə problemi deyəcəm sizə:
1. Eyni adın çoxluğu: Heç yeri demirəm, elə götürək bizim məhəlləni. Çox yaxşı məhəllədi, qonşular da mehribandı. Amma bir problemimiz var, qardaş, o da addı. Kimin uşağı olur adını Əli qoyur. Elə bil hamı bir-biri ilə bəhsə girib ki, sən qoymusan, mən də qoyacam. Məhəlləyə girib çoxlu futbol oynayan uşaqlara “Əliiiiiiii” deyə səslənsən, minimum uşaqlardan 5-i çönüb baxacaq, elə biləcək ki, onu çağırırsan. Bu məsələnin qıraqdan görünən tərəfi. İndi də gələk daxili tərəfinə. Uşaqlar belə bir-birlərini çağırmaqda çətinlik çəkirlər, Əli deyəndə “sən yox, sən” deməkdən bezib baş vururlar atalarının adlarına. Sonra da deyirlər ki, “uşaqlar ata zarafatı eləyir, böyüklərin adını ağızlarıında saqqız eləyirlər. Bax e, sən, gör yeni nəsil korlanıb, uşaqlarda mədəniyyət tərbiyə deyilən şey qalmıyıb”. Qalmaz da daha. Demirəm e Əli pis addı, yaxşı addı, imamın adıdı. Bizim camaat da dininə həmişə sadiq olub, amma həddində də.
2. Adın “qeyri-adiliyi”: Məsələn kişi deyir ki, oğlumun adını Əzəmət qoyacam, qoy dağ kimi əzəmətli olsun. Vallah adlıq deyil o əzəmət. Bizim məktəbdə bir Əzəmət var idi. Bütün məktəb onu döyürdü. Döyülmək utanc verici bir şey deyil, amma iş orasındadı ki, bu uşaq nə xaraktercə, nə də xarici görünüş cəhətdən əzəmətli deyildi. Bu tip insanlar həqiqətən də çox qəribədi e, allahın vermədiyini bir addan umurlar. Bir də qadasın alaram nənəsinin babasının işinə düşən uşaqların. Burada əsas söhbət onlardan gedir eee. Çünki durduq yerə “uşağımın adını Əlimərdan qoyuram” deyən olmaz, bəlkə də var, amma mən eşitməmişəm. Hamı deyir ki, “dədəmin adını qoyuram oğluma, adı Əlimərdan olsun. Ay dədəəəəəə, sən niyə bu günü görmədin axı?!” Bir deyən yoxdu ki, ay qardaş, bir dayan görək hələ, neynirsən sən, a kişi?! Dədənə ağlamaqdansa, uşağına gün ağla e. O nə addı qoyursan, uşağı niyə doğulduğu ilk andan çətinliyə salırsan? Onsuz da həyat yetəri qədər çətindi də, bir də sən niyə uşağın çiyninə belə bir yük qoyursan? Bu sualların cavabını bilən birilərinə həqiqətən ehtiyacım var. Ən xırda bir məntiqli cavab tapsam, söz, nəvəmin adını Əlimərdan qoyacam (səbəb nə olur-olsun, oğluma bunu edə bilmərəm, birdən nəsə məntiqli bir cavab oldu, uşağı zibilə salmayaq)
3. Adların “qeyri-adiliyi” nin ətrafa təsiri. Bu adların sahiblərindən daha çox yaxınlarına verdiyi çətinlikdi. Məsələn deyək ki, bir tanışınız var, elə də münasibətiniz yoxdu, adı da Mirabbasağa-dı (bizim məhəllədə eyni bu adlı uşaq var, ata-anası da ərinmir adını həmişə bütöv deyir. Həqiqətən çox hörmətim var o ailəyə buna görə) İndi siz bu oğlana zəng eləmisiz, konturunuz da azdı, “salam, Mirabba...” dediyiniz anda konturunuz qurtardı zəng kəsildi. Bu qədər uzun ad olar?! Sonra da həmin adam başlayır operatoru, Azərcelldi, Bakcelldi hansıdı (Nar mobile demirəm, çünki işlədən görməmişəm) onu söyməyə. A kişi operatorun nə günahı var. Adı qoyanı söy sən ən yaxşısı.
Gəldik ən maraqlı yerə - sevgi münasibətinə. Pəəəəəəəh. Sevib-sevilmək həqiqətən də çox gözəl duyğudu (əsl sevginin nə olduğunu bilənlərin üzlərindəki təbəssümü gördüm) , hamınıza qismət olsun. Amma adın yaxşı deyilsə, işin çətindi, qardaş. Başlayaq tanış olmaqdan. Dialoqa baxaq:
Oğlan: Salam, sənlə tanış olmaq olar?
Qız: Aha, olar. Adın nədi?
Oğlan: Dünyamalı, bəs sənin?
Qız: Error
Daha ilk başdan bu olur, gör hələ sonra nələr olar e. İndi deyək ki, qız bunla tanış oldu da. Hər bir qız ən yaxın dostuyla, rəfiqələri ilə sevgilisi haqda danışır. Hamı danışır, sən də danışırsan məcburən. Adını soruşurlar, deyirsən ki, Dünyamalı. O anı bir təsəvvür eləyin. Sakitlik çökür, qızlar göz kontaktı yaradır, biraz gülüş, gülüş səsləri artır, gerisini də sən fikirləş artıq. O ortamdan çıxandan sonra qız oğlana dəqiq “Bir müddət əlaqə saxlamasaq, yaxşı olar. Beləsi ikimiz üçün də xeyirli olar” smsini yazar.
Yaxşı, deyək ki, buna da göz yumdu, bu adamın adı Dünyamalıdı e. Ruslar demiş ne ujeli sənin qabağına “nə? Dünyamalı? Dünya malı, dünyada qalar ehehehehe” zarafatını eliyən çıxmayacaq? Bu iyrənc zarafata necə dözsün axı bir insan?!
Çox uzatdım e, toparlayım ən yaxşısı. Adı qeyri-adi olanlar inciməsin a məndən. Mən sadəcə öz fikirlərimi yazdım. Həm də ki, əsas yaxşı insan olun, ad dəyişmək problem deyil, həll olunar. Amma uşağa ad qoymazdan əvvəl fikirləşin, həm də çox. Nə də olsa, uşağınızın gələcəyinin, psixologiyasının əsası addı. Uşaqlarımızı qoruyaq!
Mahir Hüseynov (12.02.2013)

No comments:
Post a Comment